Xəzərdə itkin düşən balıqçıların axtarışlarına helikopter cəlb olunub

14
Yan
19:30

Lənkəran rayonunun Siyavar kəndi ərazisində itkin düşən balıqçıların axtarışlarına helikopter cəlb olunub.

Xeberler24.az xəbər verir ki, bununla bağlı Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidməti məlumat yayıb.

"Yanvarın 13-də Lənkəran şəhəri, Siyavar kəndi yaxınlığında Xəzər dənizində itkin düşdüyü ehtimal edilən balıqçılar - 1984-cü il təvəllüdlü Mahmud Əbdüləli oğlu İbayev və 1968-ci il təvəllüdlü Nazim Səməd oğlu Abbasovun axtarışları davam etdirilir.

Axtarış arealının genişləndirilməsi və axtarışların intensivliyinin artırılması məqsədilə Fövqəladə Hallar Nazirliyi Aviasiya dəstəsinin helikopteri də Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri ilə birgə axtarış-xilasetmə əməliyyatına cəlb edilib.

Əlavə məlumat veriləcək", - deyə məlumatda qeyd olunur.

Lənkəranda balıqçılar itkin düşüb.

Xeberler24.az APA-ya istinadən xəbər verir ki, bu gün səhər saat 08:00-da balıq tutmaq məqsədilə Lənkəran rayonunun Siyavar kənd sakinləri 1984-cü il təvəllüdlü Mahmud Əbdüləli oğlu İbayev və 1968-ci il təvəllüdlü Nazim Səməd oğlu Abbasov dənizə çıxıblar.

Saat 17:00-da geri qayıtmalı olduqları halda, bu saata qədər onlardan heç bir xəbər yoxdur. Hazırda sahil mühafizə hissəsinin əməkdaşları balıqçıların axtarışını həyata keçirir.

Hazırda Lənkəranda bəzi ərazilərdə duman müşahidə olunur. Balıqçıların qayığının dumanlı hava şəraitinə görə istiqamətini dəyişdiyi ehtimal olunur.

Qeyd edək ki, hər iki şəxsin uzun müddətdir ki, balıqçılıqla məşğul olduğu bildirilir.